Kama Ahmad
Ana səhifə Haqqımızda Xidmətlər və Kouçinq Proqramları Bloq Əlaqə
Xidmət sorğusu

Xidmət sorğusu

Kouçinq Nədir? Kouç Kimdir? Coaching-in 7 Növü

18 apr 2024

Kouçinq Nədir? Kouç Kimdir? Kouçinqin 7 Növü

Mən kouç kimi artıq 5 ildən çoxdur ki, fəaliyyət göstərirəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, ölkəmizdə insanların böyük bir qismi  kouçinqin nə olduğunu yaxşı anlamır və xidmət tez-tez psixoloji dəstəklə səhv salınır.

Kouçinq nədir?

ICF(International Coaching Federation), yəni Beynəlxalq Kouçinq Federasiyası kouçinqi müştərilər ilə onların şəxsi və peşəkar potensiallarını maksimum dərəcədə yüksəltmək üçün ruhlandıran, düşündürücü və yaradıcı prossesdə “tərəfdaşlıq” kimi müəyyən edir. Bu prosses əvvəllər istifadə olunmamış təxəyyül, məhsuldarlıq və liderlik mənbələrini üzə çıxarır. 

Peşənin psixoloji dəstəklə səhv salınması bu işi doğru icra etməyən bir sıra insanın sosial mediadakı yanlış təqdimatı ilə də bağlıdır. Bu sahəni şəfalandırma kimi təqdim etmək, peşənin metafizika və möcüzələr ilə əlaqələndirilməsi rasional insanların haqlı spektisizminə səbəb olur. Bu da bu sahənin cəmiyyət tərəfindən etibarsız qəbul olunmasına və lağlağı obyektinə çevrilmısinə gətirib çıxarır. İnstagramda və digər sosial şəbəkələrdə enerjinizi, auranızı təmizləməyə çağıran, yalnız meditasiyadan və şüuraltıdan danışan, bolluq, bərəkət sözü verib cüzdan və qolbaqlar satan xidmət kouçinq deyil.

Kouç kimdir?

Kouç sizə daxilinizdəki potensialı üzə çıxarmağa kömək edəcək müəyyən alətlər dəstinə sahib mütəxəssdir. O sizə eşidilmək üçün ehtiyac duyduğunuz etibarlı məkanı təmin edən kamil dinləyicidir.

Bu dərhal deyil, uzun müddətdə nəticə verən prosessdir, çünki bu dəyişim prosessidir. Azərbaycan praktikasında xidmətə müraciət edən bir qism 1 sessiyaya nəticə və dəyişim gözləsələr belə dünya praktikasında bu xidmət uzunmüddətli əməkdaşlıq hesab olunur.  Kouç və kouçi (xidməti alan şəxs) hüquqi öhdəliklər yaradan müqavilə ilə uzunmüddətli dəyişim yoluna girir. Bu praktikalarda kouç müştəri ilə cəmi bir dəfə görüşməyə razılıq vermir, çünki

30-40 il yaratdığımız həyat və formalaşmış düşüncə tərzi, vərdişlər, qəlibləşmiş şəxsiyyət, yerlə yeksan etdiyimiz münasibətlərimiz cəmi 1 görüşə necə müsbət yöndə dəyişə bilər?
 

Kouçinq əməkdaşlığı sizə nə verəcək?

"İndi və burada"nı kəşf etməyə kömək edəcək.
 
Hal-hazırda şəxsi və professional həyatınızın və inkişafınızın hansı mərhələsində olduğunuza dair fərqindəlik yaradacaq.

1, 3, 5, 10 il sonrası üçün vizyon yaradacaq, olmaq istədiyiniz yeri müəyyən edəcək.

Sizə hərəkət planı cızmağa və o hərəkət planını gündəlik, həftəlik öhdəliklərə bölərək ora doğru addımlamağa kömək edəcək.

Üzərinizə düşənləri etməyiniz üçün sizə öhdəlik/cavabdehlik əməkdaşlığı yaradacaq. Bu yolla 1 gün, həftə, ay və ilinizdən maksimal fayda əldə etmənizə yardımçı olacaq.

Olmaq istədiyiniz yerə çata bilmək üçün əldə etməniz gərəkən bilik və bacarıqları, onları əldə etmə yollarını və mühiti aydınlaşdırmağa kömək edəcək.

Getdiyiniz yolda qarşınıza çıxa biləcək maneələri və onları aşa bilmə strategiyalarını təyin etmənizi təmin edəcək.

Sizə öz gücünüzü kəşf edib, özünüzə inanmağa kömək edəcək..

İnkişaf yolunda sizə ən böyük dəstək verən, sizə sizdən çox inanan, dəyişim və qələbələrinizi görən və göstərən, onlara görə sizi təbrik edən bu yolla motivasiyanızı yüksəldən tərəfdaşlıq təmin edəcək.

Sizə olmaq istədiyiniz yerə çata bilməkdən daha çox, ora varmaq üçün dönüşüb olmalı olduğunuz insana çevrilməyə kömək edəcək.

Kouçinqin növləri

Çoxsaylı qolları var və hər gün yeni kouçluq hücrələri yaranmaqdadır. Xidmətin ən çox yayılmış 7 növü aşağıdakılardır:

1.Həyat Kouçinqi/Yaşam Kouçluğu (Life Coaching)

Yaşam kouçluğu kimi də tanınır, kouçinqin ən geniş yayılmış növüdür.Bu xidmət növü adətən insanlara həyat keyfiyyətini yüksəltməyə xidmət edir. Bu ümumi kouçinqdir. Kouçi kouçun köməyi ilə müxtəlif lazımi dəyişikliklər və vərdişlərin yaradılması ilə həyat keyfiyyətini və həyatdan məmnuniyyət hissini yüksəldir.

2.Sağlamlıq Kouçinqi (Wellness Coaching)

Sağlamlıq kouçu, adətən fiziki və emosional sağlamlıqla əlaqəli məqsədlərini təyin etməkdə və onlara nail olmaqda müştərilərə kömək edir. Bu məqsədlərə çəki vermək və ya müştərinin bədəni və ya qida ilə münasibətini yaxşılaşdırmaq daxil ola bilər.

3.Karyera Kouçinqi (Career Coaching)

Karyera kouçinqi insanlara karyera hədəflərinə çatmaqda kömək edir.
Yeni iş tapmaq
Mövcud işdə yüksəlmək
Maraq və istedadlara uyğun yeni sahə seçmək
Kouçinin məhsuldarlığını yüksəltmək, fokusunu karyera hədəflərində və peşəkar inkişafında qorumağa kömək etmək
Xaricdə iş axtarışı, iş vasitəsilə xaricə miqrasiya hədəflərinə çatmağa dəstək olmaq karyera kouçinqinin əhatəsi daxilindədir.

4.Biznes Kouçinqi/ Business Coaching(İdarəçi/Liderlik Kouçinqi)

Biznes Kouçinqi idarəçi və vəzifəli şəxslərin peşəkar həyatlarında daha böyük uğur qazanmaq və uğuru qorumaq üçün müraciət etdikləri xidmətdir. Bunun köməyi ilə iş adamları peşəkar hədəflərinə çatır, komandalarında mövcud problemləri və digər biznes ilə əlaqəli problemləri həll edə bilirlər.

Biznes kouçinqdən həm də yeni biznes ideyası olan və başlamaqda çətinlik çəkən gələcək sahibkarlar da yararlana bilər.

5.Münasibət Kouçinqi (Relationship Coaching)

Münasibət kouçu insanlara şəxsi və peşəkar münasibətlərində uğur qazanmağa kömək edən kouçluq növüdür. Bir neçə kateqoriyaya ayrılır:

1.Tanışlıq (Date Coaching)
2.Ayrılıq (Break-up Coaching)
3.Boşanma (Devorce Coaching)
4.Ailə və Cütlük (Family and Couples Coaching)
5.Biznes Münasibətləri (Business Relationships Coaching)

6.Spiritual Kouçinq (Spiritual Coaching)

İnsanların mənəvi və spiritual inkişafına dəstək olur. Onların maddi-mənəvi həyatında  balans yarada bilməsi üçün gərəkli olan və ona uyğun spiritual praktikaları: meditasiya, dua, ibadət və s. yaratmaqda kömək edir. Kouçi həyatın mənası, burda olma səbəbi və həyat missiyası barədə  aydınlığı məhz bu kouçluq növünün köməyi ilə qazana bilir.

7.Zehniyyət və Öhdəlik Kouçinqi (Mindset and Accountability Coaching)

İnsanların maneələrini qıra bilən, onlara istədiklərini əldə etmək, hədəflərinə çatmaq üçün lazımi cəsarəti, ilham və motivasiyanı verə bilən birini təsəvvür edin. Bu növ çox nəticə yönümlü olduğu üçün müştəri inkişafının müntəzəm yoxlanışı mütləqdir.(E-mail/onlayn yazışma ilə) Tez-tez baş tutan sessiyalar, müştəri ilə yaratdığı hərəkət və addımlar planı, telefonun digər ucundakı varlığı/iştirakı ilə insanda öhdəlik yaradır ki, bu da onu davamlı hərəkətdə saxlayır.
Xidmətdən əsasən: imtahan nəticələrinin, akademik göstəricilərinin, satış və qazanclarının yüksəlməsini istəyən insanlar istifadə edir. Bu növ ertələmə, davamiyyətsizlik, tənbəllik problemi olanlar üçün idealdır.

Peşəkar kouçluq təlimlərindən keçmiş təcrübəli mütəxəssis bu növlərin hər biri ilə bağlı kouçinq xidməti göstərə bilər. Hər hansı bir sahə üzrə ixtisalaşmış kouç isə həmin sahə üzrə daha böyük praktiki təcrübəyə, əlavə təhsilə, kvalifikasiyaya və ixtisaslaşmış alətlərə sahibdir.

Hər bir insan sonsuz potensiala malikdir. Bu sahənin fəlsəfəsinə görə hər birimiz ehtiyac duyduğumuz cavablara sahibik və Kouçinq bu cavabları tapmağınıza kömək edən mükəmməl alətdir və onunla daha çoxu mümkündür. O sabahınıza yatırımdır və böyük yatırımlar uzun müddət tələb edir. Yaşadığımız qısamüddətli həllər əsrində Siz fərqli davranın-Sabahınıza uzunmüddətli yatırım edin.

 

 

© 2025 Kama Ahmad Coaching and Motivational Speaking MMC, Bütün hüquqlar qorunur