Münasibət Kouçu kimdir? Kimlər müraciət edir? Münasibət Kouçinqinin 4 növü
15 Fev, 2024
İnkişaf insanlara bütün həyat sferalarını yaxşılaşdırmağa kömək edən sonsuz resurslar gətirir. Bu resurslardan biri olan münasibət kouçinqini nəzərdən keçirək. Azərbaycanda nisbətən yeni xidmət sayılan Münasibət Kouçinqi insanlara şəxsi və ya peşəkar münasibətlərdə uğur qazanmağa kömək edən xüsusi kouçinq formasıdır və bir neçə növü var:
Tanışlıq və Subayların kouçinqi
Evlilik kouçinqi( Ailə və Cütlük)
Boşanma kouçinqi
Biznes münasibətləri kouçinqi
Münasibət Kouçu kimdir?
Münasibət Kouçu insanlara şəxsi və peşəkar münasibətlərinin keyfiyyətini yaxşılaşdırmağa kömək edən peşəkardır.
Bu terapiya növü deyil. Prossesdə kouç kouçiyə (xidməti alan şəxs) nə edəcəyini demir. Həmin insan suallar əsasında özünü kəşf yoluna girir. Nəticədə o münasibətləri, istək və ehtiyacları ilə bağlı fərqindəlik qazanır. Bu da ona özü üçün ən doğru olan qərarı verə bilməkdə kömək edir. Bu sahənin mütəxəssisi ilə əməkdaşlıq sizə nə verəcək?
- Münasibətlə bağlı tələblərinizi, ehtiyaclarınızı və istəklərinizi doğru təyin edə biləcəksiniz.
- Münasibət vizyonunuzu yazılı və vizual şəkildə yarada biləcəksiniz. Bu da sizə tanışlıq mərhələsində və sonrasında kömək edəcək
- İdeal partnyor/həyat yoldaşı profilini yaradacaqsınız
- Dəyərlərinizi və standartlarınızı doğru təyin edə biləcəksiniz
- Şüurlu tanışlıq(conscious dating) mərhələsinə daxil olacaqsınız
- Yeni münasibət axtarışına başlayacaqsınız və sağlam münasibət qura və irəlilədə biləcəksiniz
- Münasibətlərinizdə mövcud problemləri həll edə biləcəksiniz
- Mövcud münasibətinizdən zövq ala və onun keyfiyyətinin yaxşılaşdıra biləcəksiniz
- Münasibət bacarıqlarınızı yüksəltmək və münasibətdə doğru davranış şəkilləri ilə bağlı kouçinq olunacaqsınız
Münasibət kouçluğunda sizə keçmiş münasibətlərinizdən nəticə çıxararaq, dəyərlərinizə əsaslanan, sağlam, uzunömürlü və xoşbəxt münasibət qurmağa kömək edəcəyəm.
Necə bir münasibətdə olduğunuza dair təsəvvür formalaşdırmaq üçün bu bloqa keçid edə bilərsiniz
Münasibət Kouçuna kim və nə üçün müraciət etməlidir?
-Yeni münasibət qurmaq üçün
-Mövcud münasibətdə “işləməyən”ləri, yolunda getməyənləri müzakirə və həll etmək üçün
-Bitmiş münasibəti geridə qoymaq və gələcəyə irəliləmək üçün.
Müraciət edən insanları 3 kateqoriyaya ayırmaq olar:
1.Subay İnsanlar
- Yeni münasibətə başlamaqda, yeni partnyor tapmaqda çətinlik çəkən insanlar
- Uzun zamandır yalnız olan və tanışlıq dünyasına yenidən qayıtmaqda çətinlik çəkən insanlar
- Münasibətə qayıtmaq istəyib lakin, özlərini güvənsiz hiss edən, özünəinamının artırılmasına ehtiyacı olan insanlar
- Keçmiş münasibətlərinin neqativ baqajını hələ də daşıyan insanlar (keçmiş yaralarını hələ tam sağaltmamış insanlar)
- Limitləyici inanclara və fikirlərə sahib insanlar.
2.Münasibətdə Olan İnsanlar
Onlar ya:
- Münasibətlərində problemlər yaşayırlar və həlli ilə bağlı köməyə ehtiyac duyurlar (ünsiyyət problemləri, xəyanət, yalan və ya digər xoşagəlməz hallar)
Ya da
- Həyatlarında bəzi kəskin dəyişikliklər yaşayırlar (nişanlanıblar, birgə yaşamağa başlayıblar, evlənirlər, uşaqları dünyaya gəlib və s.)
Ailə-Cütlük Kouçinqi
Münasibətlərindəki aktual problemləri həll etməyə və cütlüklərə münasibətlərinin keyfiyyətini yaxşılaşdırmağa kömək edən kouçinq növüdür. Cütlüklər təklikdə və ya birlikdə bu xidməti ala bilərlər. Onları Ailə-Cütlük sessiyasına gətirən bəzi ümumi səbəblər aşağıdakılardır:
- Münaqişələrin həlli
- Birlikdə olduqları insanı daha yaxşı kəşf etmək
- Qərəzsiz 3-cü tərəfin iştirak istəyi
- Münasibətdə gələcəkdə yarana biləcək problemlərin öncədən qarşısının alınması.
Münasibət kouçu cütlüklərə yalnız onların indisi və gələcəkləri ilə bağlı kömək edir. Sessiyalar zamanı keçmiş problemlər müzakirə olunmur və keçmişdəki problemlər həll edilməyə çalışılmır. Yəni bu cütlük və ailə terapiyası deyil. Sessiyada cütlüklərə münasibətlərinin indiki vəziyyətini aydınlaşdırmağa və gələcəyilə bağlı hədəflər təyin etməyə kömək edilir. Münasibətin uzunömürlü və uğurlu olması üçün hər iki tərəfin görməli olduğu iş və öhdəliklər təyin olunur, plan yaradılır və kouç hərəkət planının yerinə yetirilməsinə və cütlüyün proqresinə nəzarət edir.
Sessiya zamanı cütlüklər partnyorları, özləri, hər iki tərəfin ehtiyac, narahatlıq, arzuları barədə və münasibətlərinin indisi və gələcəyi ilə bağlı yeni fərqindəliklər qazanır.
Kouçla münasibət üzərində birgə işləyərək daha xoşbəxt münasibətlərdə ola bilirlər.
3.Ayrılıq-İtki Yaşayan İnsanlar (Boşanma kouçinqi)
Onların yaşadıqları güclü emosiyalarla (kədər, qəzəb və s. kimi) baş edə bilmək və gələcəyə irəliləyə bilmək üçün dəstəyə ehtiyacı var.
Yaxşı bəs insanları Münasibət Kouçuna gətirən motivlər hansılardır?
İnsanlar münasibətləri ilə bağlı problem yaşadığı zaman və ya yeni münasibət istədikləri zaman məsləhət üçün aşağıdakı insanların birinə və ya bir neçəsinə üz tuturlar:
1. Dostlar, rəfiqələr
2. Ailə üzvləri
3. İş yoldaşları
Əksəriyyət yuxarıda qeyd olunan şəxslərdən məsləhət istəyir. Göstərilən qruplardakı insanların bir çoxu sizə münasibətlərinizlə bağlı kömək etmək arzusunda olsalar belə, onlar münasibət problemlərini həll edə bilmək üçün sözügedən sahə üzrə peşəkar təhsil almayıblar.
Münasibət Kouçu inanır ki, hər bir insan daxilində problemləri ilə bağlı ehtiyac duyduğu cavablara malikdir. Biz cavabları bilən ən doğru insanlarıq, çünki münasibətlərdə olan insanlar bizlərik.
Bəs yuxarıda qeyd olunan halda sizin üçün daha faydalı olacaq başqa nə edə bilərdiniz? Münasibət Kouçuna müraciət edə bilərsiniz! Münasibət Kouçu Sizin nə istədiyinizi, nə hiss etdiyinizi aydınlaşdırmaq üçün sizə suallar verəcək. Bu da sizə daha məlumatlı qərarlar verməkdə kömək edəcək. O sizin üçün nəyin doğru olduğunu aydınlaşdırmağa kömək edəcək.
Münasibət Kouçu sizə daxilinizdəki cavablara çatmaq, problemləri və arzu olunan nəticələri dərindən araşdırmaq üçün ehtiyacınız olan obyektiv, boş və təhlükəsiz (etibarlı) məkanı yaradacaq. Sizə nə etməli olduğunuzu deməyəcək, məsləhət verməyəcək, mühakimə etməyəcək və tərəf tutmayacaq.
Münasibət Kouçuyla daha xoşbəxt və daha uğurlu münasibətdə olmaq nəinki mümkündür, hətta daha asandır!