Boşanma Kouçu kimdir? Boşanma Kouçu boşanan insana necə kömək edə bilər?
30 apr 2024
Boşanma Kouçinqi Münasibət kouçinqinin bir qoludur. Boşanma Kouçu qəti şəkildə boşanma tərəfdarı və ya təbliğatçısı deyil. O, travmatik boşanma təcrübəsindən keçənlərə dəstək üzrə ixtisaslaşmış peşəkardır.
Tədqiqatlar göstərir ki, çətin anlarda adekvat dəstəyin alınması hadisə baş verdikdən sonra uzun sürən travma ehtimalını xeyli azaldır.
"Boşanma üzrə kouçinq boşanmadan keçən insanlara öz maraqları, ehtiyacları və narahatlıqları əsasında gələcəkləri ilə bağlı mümkün ən yaxşı qərarları qəbul etmələrinə kömək etmək, onlara dəstək olmaq, motivasiya etmək və istiqamətləndirmək üçün nəzərdə tutulmuş çevik, məqsədyönlü dəstək növüdür."
2013-cü ildə Münaqişələrin Həlli Assosiasiyası bu kouçluq növünü mübahisələrin həlli prosseslərinin siyahısına daxil etmişdir.
Boşanma üzrə ixtisaslaşmış kouç müştəriyə münasibəti və həyatı ilə bağlı baxış bucağını dəyişməkdə kömək edir, nəticədə o həyatı ilə bağlı yeni qərarlar qəbul edə bilir.
CDC® Sertifikatlı Boşanma Kouçu boşanma zamanı və sonrasında:
- lazımi qərarlar verməyiniz
- prosesə hazırlaşmağınız
- ehtiyac duyduğunuz mütəxəssisləri tapmağınız
- bu prosesdə ola biləcəyiniz ən yaxşı valideyn olmağınız
və qarşılaşdığınız digər çətin məqamlarda sizə kömək etmək üçün ixtisaslaşmış mütəxəssisdir. O, Sizin üçün vacib olanları mühakimə etmədən dinləyir və qarşınızdakı yolu qət edə bilməyiniz üçün özünüzə inam və cəsarət qazanmağınıza kömək edir.
Kouç müştəriyə boşanmasında daha yaxşı qərarlar qəbul edə bilməsi üçün problemlərə baxışını dəyişməsinə, öz davranış və qərarlarının ailənin digər üzvlərinə real təsirini görməyə kömək edir. Məqsəd müştəriyə irəliləməyə və ən yaxşı versiyası olduğu zaman necə biri olduğunu xatırlamağa kömək etməkdir.
Mütəxəssis müştərisinə boşanma reallığını qəbul etməsində yardımçı olur. Daha yaxşı insan və daha yaxşı qərarlar verə bilən biri olması üçün onun diqqətini irəliyə yönəldir. Digər tərəfdən isə onun üçün nəyin vacib olduğunu aydınlaşdırmağa kömək edir.
Boşanan insan güclü suallar eşidəndə, ehtiyaclarını ifadə edə biləndə və bir çox seçimləri araşdırdıqda boşanma prosesi üçün ehtiyac duyduğu inam və cəsarəti qazanır.
Boşanma Kouçu ailəsində problemlər yaşayan və ağlından və dilindən 1-cə dəfə olsun “boşanma” keçən insanlara kömək üçün ixtisaslaşmış mütəxəsssidir. O, münasibətinizin 3 mərhələsində həyatınıza toxuna bilir:
BOŞANMADAN ÖNCƏ
İnsan boşanıb boşanmamaqla bağlı qərarsızlıq yaşayır, münasibətləri ilə bağlı fərqindəliyə ehtiyac duyur. Evliliyinin xilas edilib edilə bilməyəcəyini anlamaq istəyir. İnsan qəti olaraq boşanma qərarını alıb, lakin prosesə hardan necə başlayacağını, boşanmanmaq istədiyini yoldaşına, uşağına, yaxın çevrəsinə necə açıqlayacağı ilə bağlı anlayışa sahib deyil. Boşanma Kouçu boşanan insana ehtiyac duyduğu resursları təmin edir. Müxtəlif ünsiyyət texnikaları və kouçinqlə müştərisini çətin söhbətlərə hazırlayır. Kouç boşanmanın insanın həyatına gətirəcəyi dəyişikliklərlə bağlı fərqindəliyi yaradır və bu fərqindəliyi yüksəldir.
BOŞANMA ZAMANI
Boşanan insan intensiv emosiyalar yaşayır və bu qədər emosiyanın içində doğru qərarlar vermək imkansız olur. Kouç boşanma prosesində müştərisinə özü, övladları və gələcəyi ilə bağlı emosiyalarını daxil etmədən, rasional, ən doğru qərarları verməkdə, prosesdən ən yaxşı versiyası kimi keçməkdə kömək edir. Boşanma zamanı keçmiş həyat yoldaşı ilə münaqişəni azaltmağa, uşaqları prosesə daxil etməməyə, onları prosesdən qorumağa dəstək olur. Boşanan insanın daha ağrısız və stressiz boşanma təcrübə etməsinə səbəb olur.
BOŞANMA SONRASI
Keçmiş həyat yoldaşı ilə doğru ünsiyyət və sərhədlər qurmağa , birgəvalideynlik yollarını tapmağa, boşanmadan sonra bərpa prossesini sürətləndirməyə, yeni həyata başlamağa, karyera imkanlarını araşdırmağa, özgüvəni yüksəldərək yeni münasibətə başlamağa-bir sözlə boşanmadan sonra irəliləməyə və həyata yeni səhifə açmağa dəstək olur.
Boşanma travmatik və ağrılı prosses olduğu üçün fikrimcə heç kim bu ağrılı prossesdən tək keçməli deyil. İnsanın ətrafın səs küyündən uzaqlaşaraq özünü dinləyə biləcəyi, gələcəyini götür qoy edə biləcəyi, planlaya biləcəyi təhlükəsiz, güvəniləbilən və yarğılamayan bir ortam olmalıdır. Məhz bu ortamı Boşanma Kouçu yaradır. Ayrılıq çox həssas bir dönəmdir, ona görə də insan üçün təhlükəsizlik və güvən hissləri hər şeydən önəmlidir. Bu barədə belə düşünək: ən çətin anlarımızda olduğumuz zaman necə insanın yanında olmaq istəyirik?
Təbii ki, istiqanlı, mehriban və bizim vəziyyətimizdə olmağın nə demək olduğunu bilən birinin yanında olmaq! Siz sizi "anlayan" birini istəyirsiniz, çünki bu insan sizin yaşadığınızı yaşayıb və digər daha işıqlı tərəfə necə çıxmaq lazım olduğunu birinci əldən bilir. Son 5 il ərzində xanımlara, ailə və cütlüklərə münasibət və boşanma problemlərini həll etməkdə kömək edirəm. Öz boşanma təcrübəmi də nəzərə alsaq artıq 11 ildir ki, boşanma problemləri ilə məşğulam. Mən ən ağır həyati təcrübəmi başqalarına xidmət yoluma çevirdim. Bu həyati prossesdən özümün də keçməyim danışanlarla empatiya qura bilməyimə və onlara daha yaxşı xidmət etməyimə kömək edir.
Biz komanda olaraq kouçluq, hüquqi vəkil və psixoloji dəstək xidmətlərlərimizlə boşanmanı götür-qoy edən, boşanmaqda olan və ya artıq boşanmış xanımların ehtiyacı ola biləcək istənilən xidməti təqdim edir, bu çətin zamanda oların yanında oluruq. Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Boşanma Kouçu olaraq inanıram ki, doğru peşəkar dəstəklə ağrısız və sivil boşanma mümkündür. Bu həyati prossesdən sizin, uşaqlarınızın və ailənizin mümkün qədər az təsirlənməsini istəyirsinizsə və boşanmanı daha tez geridə qoyaraq həyata yeni səhifə açmağa ehtiyacınız varsa, mən boşanmdan öncə, boşanma zamanı və boşanmadan sonra yanınızda olmağa hazıram.