Mənim İnsanıma Məktublar: Məktub 1: Sən tək deyilsən
21 may 2024
Münasibət Kouçluğu üzrə keçdiyim proqramların birində Mentorum olan müdrik bir qadından aşağıdakı fikri eşitmişdim:
"Sənin insanın- sənin indi xidmət etdiyin Qadın keçmişdəki özünsən".
Beynim dərhal təhlil yoluyla bütün işlədiyim xanımları keçmişdəki mənlə əlaqələndirmiş və bu fikrin nə dərəcədə doğru olduğu zamanında məni sarsıtmışdı. Mən yeni aydınlanma yaşamışdım. Səninlə-yəni keçmişdəki mənlə əlaqələnməyim üçün artıq Sənə bəzən qısa, bəzən uzun məktublar yazacam. Bu məktublar sənə dəstək üçündür.
Məktub 1: Sən tək deyilsən
Salam, Mənim İnsanım!
Kimsən sən?
Mənim insanım, Sən otuzlu yaşlarında qadınsan, böyük şirkətlərin birində yüksək vəzifədəsən. Yüksək qazancın, premium brendlərdən geyimlərin, avtomobilin və içində xoşbəxt hiss etməsən belə çox gözəl evin var. Sən rəfiqələrinə dəyərli hədiyyələr edirsən.
Evdə qayğısız buraxdığın övladın/övladların var. Çox işlədiyin üçün və başın öz ruhuna qarışdığından övladından emosional qopmusan...və bu səni çox üzür... Səhərlər balanı dayəyə, ya bağçaya qoyub işə tələsəndə hər dəfə vicdanın sızlayır..., çünki başa düşürsən ki, ona indi özəl bağça, Apple tablet, ən son model telefon yox, sən lazımsan...
Tək istirahət günün bazardır...onu da Sən içindəki hər şeyi sovuran, sevgi dəliyini doldurmaq cəhdiylə ya "şopinq"də özünə lazımsız 1001-ci donu almaqla, ya da saxta qalabalıq yaratmaq üçün ətrafına yığdığın "dost"larına yemək ismarlamaqla keçirirsən...
Sən səs-küy axtarırsan, çünki daxilin qulaq batırarcasına sükutdadır... Sən çoxluq axtarırsan, çünki sən təksən..
Təkliyinlə barışmır, özünlə tək qalmır, sən özündən qaçırsan, Sən özündən Qaçaqsan...
Kolleqaların ofisinə girəndə bir az öncə içdiyin "valerian" qoxusunu hiss edir, lakin susur... Sən də susursan, heç kim bilmir ki,
Sən boşanırsan...
Bir zaman ailə qurduğun insandan indi ayrılmaq sənə "ömrünün neçə ilini bir torbaya yığıb zibil qutusuna atırsan"mış kimi hiss etdirir...
Siz çoxluqda evləndiniz
Sən təklikdə boşanırsan...
Mənim insanım, özünü ovutmaq üçün sınamadığın bir şey qalıb? İçki, siqaret, antidepressant?
Antidepressant içib səbəbsiz, möhkəm səslə gülürsən, uşaq qorxur.. sən ağlayırsan...
Sən çarəsizsən.. sən dəstəksizsən... sən çox tənha hiss edirsən.
İçin kimi ailənlə münasibətin də yerlə yeksandır...
sən özün özünə buraxılmısan...sən atılmısan
və sən tək çox qorxursan...
Qorxma, Mənim İnsanım, çünki Sən tək deyilsən!
Bu yazını oxuyursansa, artıq həyatında mən varam.
Mənim insanım, səni anlayıram, səni duyuram və səni görürəm, çünki
Sən keçmişdəki Mənsən.