Boşanmadan sonra Uşaqla görüşmək istəmir?
1 Avq 2024
Boşanmadan sonra keçmiş həyat yoldaşınız uşaqla görüşmək istəmir?
Uşaqla görüşmədiyi üçün siz uşağınızı atasız qoyduğunuzu düşünürsünüz və buna görə özünüzü günahlandırırsınız?
Boşanmadan sonra əsas qəyyum olmayan valideynin övladını görməməsi və ya qəyyum tərəfindən digər valideynin uşaqla görüşlərinə məhdudiyyət qoyulması bir neçə səbəblə bağlı ola bilər:
1. Siz boşanma qərarınıza görə uşaqla cəzalandırılırsınız, bu qarşı tərəfin intiqam almaq istəyidir
2. Digər valideyn keçmişi ilə üzləşməkdın qaçır, bu yolla yaşadıqlarını inkar edir, boşanmanı qəbullana bilmir
3. Qarşı tərəf hələ də boşanmaya görə qəzəb, inciklik, nifrət və digər neqativ emosiyalar keçirir.
Boşanma valideynliyin deyil, evliliyin sonudur. Boşanan insanlar arasında birgəvalideynlik konsepti yaradılmalıdır. Onlar dost qalmadan belə neytral və sivil münasibətləri qoruyaraq uşaqlarını birgə böyütməyə davam edə bilərlər. Bunun üçün sadəcə yetişkin olmaq gərəkir.
Lakin, burada da incə bir məqam var:
Birgəvalideynlik yalnız hər iki tərəf bunu istədikdə və bunun üçün çalışdıqda mümkün olur.
İstək də, bunun üçün sərf olunan səy də ikitərəfli olmalıdır.
Məsələn: ana övladının atasından qopmaması üçün nə qədər səy göstərsə belə: onların görüşlərinin ən xırda detalına qədər təşkilatçılığını etsə belə, bu görüşlərin baş tutması üçün dəridən-qabıqdan çıxsa belə əgər:
Ata uşağını görmək üçün heç bir addım atmayacaqsa, istək göstərməyəcəksə, birgəvalideynlik mümkün olmayacaq.
Uşağının həyatında atasının iştirakının qorunmasına çalışan ana təktərəfli səylərdən əvvəl-axır yorulacaq və vaz keçəcək. Ünsiyyət qopacaq.
Birgəvalideynlik də evlilik kimi komanda işdir.
Əslində:
Boşanma uşaqları valideynsiz qoymaz,
Uşaqları valideynlərinin konflikti həll etməyi bacarmaması və onlara görə şəxsi prinsiplərindən vaz keçə bilməməsi valideynsiz qoyar.
Boşanmadan sonra valideynsiz qalmış uşaqlar boşanmanın deyil, eqonun qurbanlarıdır.