Kama Ahmad
Ana səhifə Haqqımızda Xidmətlər və Kouçinq Proqramları Bloq Əlaqə
Xidmət sorğusu

Xidmət sorğusu

Birgəvalideynlik mədəniyyətini mümkünsüz edən amillər hansılardır?

22 may 2025

Birgəvalideynlik mədəniyyətdir və təəssüf ki, bizdə boşanma mədəniyyəti formalaşmadığı tək bu mədəniyyət növü də hələ ki, formalaşmayıb.

Birgəvalideynliyə mane olan olan bir neçə amili nəzərdən keçirək:

Komanda olmağı bacarmamaq

Birgəvalideynlik sözünün kökündə birgəlik və birləşmək sözü durur. İki yolunu ayırmış insan uşaqları və onların gələcəyi üçün bir amal ətrafında birləşərək bunu mümkün edir. Bizdə bu mədəniyyyətin hələ də formalaşmamış olması birləşə bilməməyimizi və komanda olmağı bacarmadığımızı göstərir.

Uşaqları boşanmamıza daxil etmək

Birgəvalideynliyi imkansız edən əsas səbəblərdən biri uşağı boşanmamıza daxil etməyimiz olur. Boşanma zamanı bir çox səhvlər edirik. Buraxdığımız səhvlərdən biri boşanma zamanı və sonrasında uşağın yanında digər valideyni pisləməyimiz olur. Keçmiş həyat yoldaşının pislənməsi birgəvalideynliyi mümkünsüz edir. Keçmiş həyat yoldaşının və onun qohumlarının uşağın yanında pislənməsi uşağın digər valideynə qarşı neqativ hisslər keçirməsi və onunla görüşmək istəməməsi  ilə nəticələnir.  

Digər bir səbəb uşağı sirdaşımıza çevirməyimiz olur: yaşadıqlarımızı, kədərimizi və yaşadığımız itkini bütün detallarına kimi bilmək uşağın digər valideynlə münasibətinə mənfi təsir edir və birgəvalideynliyi mümkünsüz edir. Uşaq bizi qorumalı, tək qoymamalı olduğunu düşünür və digər valideynlə görüşməyə imtina edir.

Digər valideynin buraxdığı səhvləri-xəyanəti, asılılıq problemlərini, alimentin ödənməməsini və s. uşaqla bölüşmək birgəvalideynliyi mümkünsüz edən səbəblərdəndir.

Həll olunmamış konflikt

Keçmiş həyat yoldaşları arasında mövcud olan həll olunmamış konflikt birgəvalideynliyi mümkünsüz edən amillərdən birdir. Birgəvalideynliyi mümkün edə bilmək üçün konflikt həll olunmalıdır.

Texnologiyanın yoxluğu

Ünsiyyət və konflikt probleminin həlli dünyada texnologiyalarla təmin olunub. Belə ki, yüksək münaqişəli boşanmalardan sonra ünsiyyət problemləri olan birgəvalideynlər xüsusi texnalogiyalar-aplikasiyalar və saytların köməyi ilə uşaqlarını birgə böyütməyə davam edir. Bizdə isə bu texnologiyalar yoxdur. Birgəvalideynliyi rahatlaşdırmaq və mümkün etmək üçün birgəvalideynilik saytlarının və tətbiqlərin olması məqsədəuyğundur.

Ünsiyyət bacarıqlarının kasadlığı

Digər bir səbəb kasad ünsiyyət bacarıqlarımızdır. Effektiv komunikasiya qurmağı bacarmırıq- emosiyaların və yüksək stressin təsiri ilə ən yaxşı kimliyimizi unuduruq bu da ola biləcəyimiz ən yaxşı ata və ya ana olmağımıza mane olur.

Boşanma hekayəsində ilişib qalmaq

Boşanmadan sonra boşanma hekayəsində qalmaq övladımız üçün nəyin doğru olduğunu düşünməyimizə və anlamağıza mane olur.

Zehniyyət səhvlərinə /tələlərinə düşmək

Boşanma zamanı buraxılan zəhniyyət səhvlərinə düşürük. Boşanma zamanı edilən düşüncə səhvlərindən biri “Hər şey mənim istədiyim kimi olmalıdır, yoxsa heç nə olmayacaq” yanaşmasıdır. Bu zehniyyət səhvinə düşümüş boşanan şəxs boşanmanı prinsip məsələsinə çevirir və övladlarını da  şəxsi prinsiplərinə qurban verir. Bu zehniyyət səhvində olan insan övladı vasitəsilə boşanmaq qərarı almış tərəfdən intiqam alır, digər valideyni maddi dəstəksiz, övladını isə valideynsiz qoymaqla acıq çıxır. Boşanma zamanı emosiyalarını idarə edə bilməyən insan yüksək emosiyaların üzərində qərarlar verir ki, bunun da üzunmüddətli ağır nəticələri olur.

Ekspert rəyi və peşəkar dəstək almamaq boşanma zamanı buraxılan zehniyyət səhvlərindən biridir.

Bizlər əksər hallarda boşanma zamanı və sonrasında yalnız bizim fikrimizi dəstəkləyən insanlardan fikir alırıq və boşanmamıza obyektiv olmayan kənar şəxsləri daxil edirik. Praktikamda atanın yeni doğulmuş övlada ev almasını tələb edən və almadığı üçün ata ilə uşağın ünsiyyətini kəsən ikinci dərəcəli qohumlara tez-tez rast gəlirəm. Boşanma zamanı və sonrasında məlumatsız olduğumuz üçün buraxa biləcəyimiz səhvlərdən qaçmaq və birgəvalideynliyi mümkün etmək üçün sahə üzrə ixtisaslaşmış insanlardan fikir və dəstək almalıyıq.

 

© 2025 Kama Ahmad Coaching and Motivational Speaking MMC, Bütün hüquqlar qorunur