Boşanma Kouçuyla bağlı önyarğılar
15 Fev, 2024
Bu yaxınlarda bir xanım boşanma kouçinqinə müraciət etdi. Xanım ağrılı boşanma prosesində idi, südəmər körpəsi ilə həyat yoldaşının ailəsinin təsiri ilə sevdiyi əri ilə boşanırdı. Təəssüf ki, münasibəti xilas etmək üçün artıq gec idi və onlar boşandılar. Xanım nəyi səhv etmişdi?
1. Evliliyini emosiyalarının üzərində yekunlaşdırmaq qərarını almışdı
2. Dəstək üçün çox gec müraciət etmişdi(son məhkəmə gününə bir neçə gün qalmış).
Boşanma kouçinqində insanlara evlilkləri ilə bağlı məsləhət verilmir. Məhkəməyə 1 gün qalmış gənc xanım israrla mənim fikrimi almaq istədi. Ona kənar təsirlərə görə boşanmağın doğru olmadığını, yoldaşını sevdiyi üçün onunla münasibətləri üzərində işləyib evliliyini qurtarmağın mümkün olduğunu dedim. Xanım təəccüblə:
“Aaaa, Kama xanım elə bildim siz deyəcəksiniz ki, boşan” dedi.
Adında “Boşanma” sözü keçsə belə Boşanma Kouçu heç də boşanmanın tərəfdarı deyil. Boşanma kouçluğuna müraciət edən insanların 25% boşanmağı qərara almış və planlayan insanlardır. Digərləri ya evlilikləri ilə bağlı qərarsızlıq yaşayır və ya artıq boşanıb, lakin özlərinə yeni həyat qura bilmirlər.
Boşanma düşüncəsi ilə müraciət edən şəxslə qərarının doğruluğunu sorğulayırıq. Qərarın yanlış olduğu və evlilikdə qalmaq istəyinin olduğu ortaya çıxdıqda Münasibət Kouçu kimi cütlüyə problemlərini həll etməyə kömək edə bilirəm. Bu zaman qarşı tərəfin istəyi və iştirakı gərəklidir. Xilas olunması gərəkən bir münasibət varsa, bunda hər iki tərəf iştirak etməlidir.
Mən sadəcə iki tərəf arasında sual verib onları düşündürən və onlara güzgü tutub əks etdirən, tərəfsiz mütəxəssisəm. Məqsədim insanlara sağlam münasibətlərdə olmağa kömək etməkdir. Boşanma üçün müraciət edən insanın yanlış yolda olduğunu, ailədə dəyişim imkanlarının olduğunu gördükdə insanın alternativ yollara baxması üçün əlimdən gələn hər şeyi etməyə çalışıram.
Boşanma Kouçuna hər müraciət edən adam boşanmır. Əksinə Kouç insanın münasibəti ilə bağlı fərqindəliyini artırmaqla onun yanlış qərar verməsinin qarşısını alır.
İstənilən halda evliliklə bağlı qərar verən tərəf Kouç deyil, siz olursunuz. Kouçluq alan şəxs ailədə qalmağı qərara aldıqda Münasibət kouçu kimi ona evlilikdə qalmağa kömək edirəm.